Azərbaycanın
hüquqi və biznes mühitində yeni təşəbbüs — hüquqi, etik və tənzimləyici
normalara uyğunluğun təşviqi məqsədilə, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi tərəfindən 10 iyul 2025-ci il tarixində “Komplayens Assosiasiyası”
İctimai Birliyi dövlət qeydiyyatına alınıb.
Assosiasiyanın əsas məqsədi komplayens sahəsində qabaqcıl təcrübələrin tətbiqini
təşviq etmək, müxtəlif sektorlar üzrə etik idarəetmə və risklərin effektiv şəkildə
idarə olunması və peşəkar kadr potensialının artırılması üçün komplayens mədəniyyətinin
inkişaf etdirilməsinə dəstək verməkdir. Assosiasiya, biznes subyektlərinin
yerli və beynəlxalq qanunvericiliyə uyğun fəaliyyətini dəstəkləməyə yönələn
mexanizmlər hazırlamaqla yanaşı, milli qanunvericilik ilə beynəlxalq
standartlar arasında körpü yaratmağı, qanunvericilik tələblərinin tətbiqində
praktiki yanaşmaların müəyyən edilməsinə dəstək göstərməyi, dövlət və özəl
sektor subyektlərinin fəaliyyətində risk funksiyasının strukturlaşdırılması və
effektiv tətbiqi üçün metodoloji və institusional dəstək verməyi, həmçinin tədqiqat
və normativ təşəbbüslərlə çıxış etməyi və komplayens sahəsində tərəfdaşlıq əlaqələrini
gücləndirərək geniş komplayens icmasını formalaşdırmağı özünə hədəf kimi müəyyən
etmişdir.
Assosiasiya komplayens sahəsi üzrə böyük təcrübəsi və peşəkar bacarıqları ilə
tanınan mütəxəssislər Kamal Abdullayev, Almaz Musayeva və Leyla Səlimzadə tərəfindən
yaradılıb.
Kamal Abdullayev “Kapital Bank” ASC-də Baş Komplayens İnzibatçısı və İdarə Heyətinin
üzvüdür. Beynəlxalq hüquq üzrə təhsili ilə yanaşı, hüquqi təminat, risklərin
idarə edilməsi, komplayens, strateji və korporativ idarəetmə sahələrində 20 ildən
artıq qeyri-maliyyə və bank sahəsindəki təcrübəyə sahibdir. Onun peşəkar
yanaşması və sistemli idarəetmə bacarığı Assosiasiyanın strateji istiqamətlərinə
önəmli dəyər qatır.
Leyla Səlimzadə “Rabitə Bank” ASC-nin Komplayens departamentinin direktoru vəzifəsində
çalışır. Onun bank sahəsində dərin təcrübəsi ilə yanaşı, komplayens sahəsində
beynəlxalq təlimçi kimi fəaliyyəti, komplayens sahəsində ixtisaslı mütəxəssislərin
inkişafında mühüm rol oynamışdır. Assosiasiyanın təsisçisi olmaqla yanaşı,
icraçı direktoru kimi fəaliyyətdə də yaxından iştirakı, Assosiasiyanın operativ
fəaliyyətində mühüm rol oynayır.
Assosiasiyanın İdarə Heyəti iqtisadiyyatın müxtəlif sahələrində geniş təcrübəyə,
strateji baxışa, peşəkar qərarverməyə əsaslanan heyətdən formalaşdırılıb:
Aytac Qasımova — “Pasha Holding” MMC-də Qrup üzrə Hüquq və Komplayens
departamentinin Direktoru vəzifəsində çalışır. O, əmək fəaliyyəti ilə yanaşı,
hüquq sisteminin inkişafında müxtəlif peşəkar tədbirlərin təşkili və dəstəklənməsində
fəal iştirak edir. Eyni zamanda, gənc hüquqşünasların yetişdirilməsində və
bilik mübadiləsinin təşviqində xüsusi rola sahibdir. İqtisadiyyatın şaxələndirilməsi
istiqamətində hüquq sisteminin inkişafına verdiyi töhfə və dərin təcrübəsi
Assosiasiyanın normativ strukturunun formalaşmasında böyük rol oynayır.
Xəyalə Nağıyeva — “Azerbaijan Green Energy Company” MMC-də Baş Maliyyə
Inzibatçısı və İdarə Heyətinin üzvüdür. Onun hazırki fəaliyyəti enerji sahəsində
dayanıqlı investisiyaların formalaşdırılması və inkişafına yönəlib. Eyni zamanda,
yerli korporativ bankçılıq və birbaşa investisiyalar sahəsindəki korporativ
risklər üzrə təcrübəsi onu Assosiasiyada korporativ idarəetmə və beynəlxalq
risk standartlarının tətbiqində aparıcı ekspertlərdən birinə çevirir.
Nuran Kərimov — Deloitte Azərbaycanda İdarəedici Partnyor olaraq fəaliyyət göstərir.
O, həm beynəlxalq, həm də Azərbaycandakı şirkətlərə və fiziki şəxslərə müxtəlif
vergi və əlaqədar biznes məsələləri ilə bağlı məsləhət xidmətləri sahəsində
çoxillik təcrübəyə malikdir. Azərbaycandakı şirkətlər üçün beynəlxalq
korporativ strukturlar və xarici çoxmillətli təşkilatların Azərbaycandakı şirkətlərə
investisiya qoyuluşlarının strukturlaşdırılması daxil olmaqla, korporativ
strukturların təkmilləşdirilməsi ilə bağlı çoxlu sayda layihələrdə iştirak
etmişdir. O, yerli və beynəlxalq səviyyədə qurulmuş peşəkar əlaqələri və
strateji tərəfdaşlıqları vasitəsilə Assosiasiyanın tanıdılmasında mühüm rol
oynayır.
Niyaz İsmayılov — “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədridir. Bank və
sığorta sahəsində dərin təcrübəsi ilə yanaşı, maliyyə bazarları üzrə iqtisadi
prosesləri təhlil etmək bacarığı, strateji qərarların formalaşmasında və
institusional inkişafın istiqamətləndirilməsində mühüm rol oynayır. O,
Assosiasiyanın təşkilati dayanıqlığını gücləndirən əsas fiqurlardan biridir.
Almaz Musayeva — “Kapital Bank” ASC-də Komplayens Departamentinin Direktoru və
eyni zamanda “ACAMS Euroasia Chapter”in İdarə Heyətinin qurucu üzvüdür. Beynəlxalq
komplayens platformalarında təmsilçiliyi və peşəkar töhfəsi Assosiasiyanın
qlobal təcrübəyə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
“Komplayens Assosiasiyası” İctimai Birliyi komplayens sahəsində güclü ekosistemin qurulması yolunda fəaliyyəti ilə bağlı yaxın zamanda ictimaiyyətə açıq tədbirlər, təlimlər və maarifləndirici layihələrlə çıxış etməyi planlaşdırır.


